skip to Main Content
Xroniki Pankreatit Nədir Və Müalicəsi Necə Aparılır

Xroniki pankreatit nədir və müalicəsi necə aparılır

Xroniki pankreatit nədir?

Xroniki pankreatit mədənin altında yerləşən pankreas adlı orqanın, yəni mədəaltı vəzin xəstəliyidir. Pankreas qidanı həzm eləməyə kömək edən fermentlər və qandakı şəkər səviyyəsini nizamlayan insulin kimi hormonlar ifraz edir. Pankreatit kəskin və xroniki olmaqla iki formda olur. Pankreasın iltihabı sadəcə bir neçə gün davam edərsə, bu kəskin pankreatit adlanır, amma daha uzun müddət davam edərsə, buna xroniki pankreatit deyilir. Zaman keçdikcə iltihab zədələnməyə səbəb ola bilər. Pankreasda kalsium daşları yarana bilər və bunlar bağırsağa həzm fermentlərini daşıyan pankretik kanalı tuta bilər. Pankreas fermentləri və hormon səviyyələri düşə bilər, həzm və qanda qlükozanın nizamlanması ilə bağlı problemlərə yol aça bilər. Nəcisdə yağların miqdarı arta bilər.

Xroniki pankreatiti yaradan səbəblər

Əsas səbəb həddindən artıq alkoqol qəbuludur. Digər səbəblərə isə autoimmun xəstəliklər, pankreatik kanalın daralması, pankreatik kanalın daş və ya şişlə tıxanması, bəzi dərman maddələri, pis qidalanma, ağciyərlərdə kistik fibroz, qanda müəyyən yağların səviyyələrinin yüksək olmasıdır. Xəstələrin 30%-də isə səbəb məlum deyildir. Xəstəliyə tutulma riski alkoqol qəbul edənlərdə və xüsusilə kişilərdə daha yüksəkdir.

Xroniki pankreatitin əlamətləri

Xəstəliyin başlanğıcında əlamətlər özünü göstərməyə bilər, amma əsas əlamətlərə qarnın üst tərəfindəki ağrı, yağlı nəcis, ürəkbulanma və qusma, çəkinin azalması, həddindən artıq susama və yorğunluq kimi diabet əlamətləri aiddir. Xroniki pankreatitin ağrısı qabırğaların birbaşa altında başlayıb kürəyə qədər yayıla bilər və ağrı saatlar və günlərlə davam edə bilər. Xəstələrdə pankreasda maye ilə dolu bir şişkinliyin əmələ gəlməsi, qarında mayenin toplanması, sarılıq, daxili qanaxma, bağırsaqda tıxanma və pankreas xərçəngi kimi ağırlaşmalar əmələ gələ bilər.

Müasir diaqnostika üsulları

Xəstəliyin əvvəllərində diaqnostika hər zaman asan deyil. Çünki pankreasdakı dəyişikliklər qan analizləri və ultrasəs vasitəsilə görünməyə bilər. Pankreas fermentlərinin səviyyəsini ölçmək üçün sonrakı günlərdə qan analizləri edilə bilər. Həmçinin nəcisdə lipidlərin miqdarı da test edilməlidir. Bundan əlavə rentgen, USM, KT və MRT müayinələri aparıla bilər.

Xroniki pankreatitin müalicəsi

Müalicənin ilkin mərhələsi alkoqol qəbulunun dayandırılmasından ibarətdir. Bundan başqa qidadakı yağların miqdarı azaldılmalı, vitaminlərin miqdarı artırılmalıdır. Pankreas xərçənginin əmələ gəlmə riskini artıra bildiyi üçün siqaret çəkməkdən imtina edilməlidir.

Back To Top