skip to Main Content
Kəskin Pankreatit – Qarında Zəncirvari Ağrılar

Kəskin pankreatit – qarında zəncirvari ağrılar

Kəskin pankreatit nədir?

Kəskin pankreatit şiddətli qanaxmaya səbəb olan ciddi bir xəstəlikdir. Pankreas, yəni mədəaltı vəz həm endokrin, həm də ekzokrin vəzdir. İfraz etdiyi fermentlər mədəaltı vəzdə olarkən inaktiv vəziyyətdədir. Kəskin pankreatitdə isə bu fermentlər hələ mədəaltı vəzdə olarkən aktiv vəziyyətə keçir və toxumaların parçalanmasına səbəb olur.

Kəskin pankreatitin səbəbləri nələrdir?

Ən çox rast gəlinən səbəblərdən biri öd kisəsindəki daşlardır. Daş öd axarına düşərsə, pankreasda tıxanıqlığa, zədələnməyə və təzyiq artmasına səbəb ola bilər. Buna görə də toxumalar fermentlər tərəfindən parçalanar. Ən çox rast gəlinən səbəblərdən digəri isə alkoqol istifadəsidir. Digər səbəblərə qanda lipidlərin çoxluğu, pankreas kanalında anadangəlmə anomaliyalar, kanalın daralması və qəza nəticəsində kəskin pankreatitin ortaya çıxmasını göstərə bilərik.

Kəskin pankreatitin əlamətləri

Kəskin pankreatit tutması bir çox hallarda alkoqol qəbulundan sonra və ya yağlı qida qəbulundan sonra ortaya çıxır. Ani və get-gedə artan tərzdə bir ağrıdır. Göbək bölgəsində başlayan ağrı daha sonra kürəyə qədər yayılır. Xəstə oturarkən ağrılar azalsa da, uzanarkən ağrılar yenidən artır. Bıçaq batması kimi və davamlı formada olan ağrıdır. Xəstələrdə davamlı bulantı və qusma müşahidə olunur. Fizikal müayinədə qarnın üst bölgəsində həssaslıq mövcud olur. Xəstələrin demək olarki hamısında temperaturun yüksəlməsi, ürək vurğusunun və leykosit sayının artması müşahidə olunur. Bəzi hallarda xəstələrdə şok belə yarana bilər.

Kəskin pankreatitin diaqnostikası

Xəstədən alınan anamnez və əlamətlər ilə xəstəliyin diaqnozu qoyulur. Qan analizində amilazanın yüksək olması diaqnostikada əhəmiyyətli rola malikdir. Bundan başqa plazmada lipazanın da miqdarı yüksək səviyyələrə çatır. 2 saatda toplanılan sidikdə amilazanın miqdarına baxılması ən doğru nəticəni əldə etməyə imkan verir. Qanda şəkərin miqdarının artması və sidikdə şəkərin tapılması pankreasda zədələnmə olduğu haqda düşündürür.

Back To Top